Azərbaycanın "yaşıl enerji" sahəsində Avropanın iştirakının gücləndirilməsi müzakirə olunub - YENİLƏNİB
- 02 oktyabr, 2026
- 16:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın təmiz enerji sektorunda Avropa özəl sektorunun iştirakının gücləndirilməsi üçün praktiki tədbirlərin müəyyənləşdirilməsi müzakirə olunub.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Brüsseldə Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə biznes dairələri üçün Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masasında aparılıb.
Dəyirmi Masada Azərbaycanda bərpa olunan enerji, o cümlədən külək enerjisi, elektrik şəbəkəsi infrastrukturu və enerji səmərəliliyi kimi sahələrdə biznes imkanları təqdim edilib.
Azərbaycanın 2030-cu ilədək külək-günəş enerjisinin payını 38,7 %-ə yüksəldən planlarının xarici və özəl şirkətlərlə həyata keçirildiyi, eləcə də Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yeni enerji bağlantılarının elektrik enerjisinin istehsalı və ötürülməsində Avropa şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar açdığı qeyd olunub.
P. Şahbazov bildirib ki, yaşıl enerji dəhlizləri təşəbbüsləri tərəfdaşlığımızın yalnız Azərbaycan və Xəzər hövzəsində deyil, Mərkəzi Asiyada da genişləndirilməsi üçün fürsət yaradır: "Bu, Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışıdır və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin cari ilin iyul ayında Bakıya səfəri zamanı bu layihələri birlikdə inkişaf etdirməli olduğumuza dair razılıq əldə edilib. Çünki bunlar yalnız ekoloji baxımdan əlverişli layihələr deyil. Onlar, eyni zamanda enerji təhlükəsizliyinə mühüm töhfə verir və iqtisadi cəhətdən səmərəli layihələrdir".
D. Yorgensen isə deyib ki, Azərbaycan bərpa olunan enerji, regional bağlantıların inkişafı üzrə əhəmiyyətli imkanlar təklif edir: "Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var. Avropanın elektrik şəbəkələri üzrə texnologiyaları, avadanlıqları və mühəndislik təcrübəsi, eləcə də Avropa şirkətlərinin investisiya siyasəti bu planların həyata keçirilməsinə töhfə verə bilər".
Müzakirələrdə "Xəzər-Qara dəniz-Avropa" dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının uğurla başa çatdırılması və layihənin növbəti inkişaf mərhələsinə keçməsi ilə əlaqədar olaraq, hazırda əsas diqqətin potensial investorların və strateji tərəfdaşların cəlb edilməsinə yönəldiyi qeyd olunub. Avropa şirkətləri "Xəzər-Qara dəniz-Avropa" dəhlizi və digər yaşıl enerji dəhlizilərində, eləcə də bərpa olunan enerjinin 2028-ci ildən başlanan növbəti inkişaf mərhələsində, həmçinin enerji səmərəliliyi sahəsində fəal iştiraka dəvət edilib.
Tədbirdə Azərbaycanın Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, "SOCAR Green", Avropa Komissiyası ilə yanaşı, "WindEurope, "Siemens Energy", "Vestas" kimi Avropa sənaye assosiasiyaları və şirkətləri təmsil olunub.
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında bərpa olunan enerji, elektrik şəbəkələrinin inkişafı, enerji səmərəliliyi və "yaşıl enerji" dəhlizləri üzrə investisiya və texnoloji əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, bu barədə müzakirələr Brüsseldə Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenlə Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masası çərçivəsində Avropa biznes dairələri ilə görüşdə aparılıb.
P. Şahbazov qeyd edib ki, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" də daxil olmaqla yeni enerji bağlantıları vasitəsilə Xəzər regionu və Mərkəzi Asiyanın yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılmasına, eləcə də Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində Avropa şirkətlərini bu layihələrdə fəal iştirakına dəvət edilib.