Ahmet Türkoğlu: "TPAO "Şəfəq-Asiman" blokuna çox böyük ümidlər bəsləyir"

Energetika
  • 02 oktyabr, 2025
  • 11:30
Ahmet Türkoğlu: TPAO Şəfəq-Asiman blokuna çox böyük ümidlər bəsləyir
Ahmet Türkoğlu

Türkiyənin TPAO şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) çox böyük ümidləri var.

Bunu "Report"un Qazaxıstan bürosuna açıqlamasında TPAO-nun İdarə Heyətinin sədri və baş icraçı direktoru Ahmet Türkoğlu bildirib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda Dövlət Neft Şirkəti (SOCAR) ilə çox böyük iş birliyi mövcuddur: "Biz bu ölkədə Xəzər dənizindəki "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında SOCAR-la ortağıq və çox gözəl işlər görürük".

O, bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində BP, SOCAR və TPAO arasında TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz blokuna dair hasilatın pay bölgüsü sazişini xatırladaraq , buna çox ümidli olduqlarını qeyd edib.

A.Türkoğlu SOCAR və TPAO arasında Azərbaycanda, Türkiyədə, həm də fərqli ölkələrdə birgə layihələrdə işlər görmək üçün görüşlər keçirdiklərini də vurğulayıb.

TPAO-nun Ceyhanda inşa etmək istədiyi neft emalı zavodu məsələ toxunan şirkət rəhbəri bildirib ki, bu liman bir çox qaz və neft boru kəmərlərinin bir araya gəldiyi strateji bir nöqtədir: "Bizim orada neft emalı zavodu inşa etmək üçün torpaq sahəmiz var. Ancaq neft emalı zavodunun inşası uzun müddətli bir məsələdir. Təbii ki, bu çox böyük zaman və yatırım aparır. İnanırıqü ki, bu məsələ də zaman yetişdikdə gerçəkləşəcək".

Xatırladaq ki. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində BP, SOCAR və TPAO arasında TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalanıb. Bu razılaşma layihənin daha da inkişaf etdirilməsi ilə bağlı ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək.

Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün HPBS-nin kəşfiyyat dövrü uzadılacaq. Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 % iştirak payına sahib olacaq - bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda bp və SOCAR HPBS-də hər biri 50 % iştirak payına malikdir.

BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti