AÇG və “Şahdəniz”dən ötən il hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb
- 15 yanvar, 2025
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından ümumilikdə 21 milyon ton neft (kondensat da daxil olmaqla) hasil edilib və bu həcmin hamısı ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü illə müqayisədə 1,2 milyon ton və ya 5,4 % azdır.
Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 16,8 milyon ton neft çıxarılıb ki, bu da illik müqayisədə 1 milyon ton və ya 5,6 % azdır.
Ötən il “Şahdəniz” yatağından 4,2 milyon ton kondensat çıxarılıb. Bu, 2023-cü illə müqayisədə 0,1 milyon ton və ya 2,3 % azdır.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin yanvarın 1-dək 650,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 601,5 milyon ton neft, “Şahdəniz”dən isə 48,7 milyon tona yaxın kondensat çıxarılıb. Bu yataqlardan indiyə kimi 648,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).