Nazir: Növbəti yeddi ildə qəzalı məktəb probleminin tamamilə həllini planlaşdırırıq
- 13 noyabr, 2025
- 11:59
Bu il 47 təhsil müəssisəsində tikinti-bərpa işləri başlayıb, 20-də tikinti başa çatıb.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib.
Nazir xatırladıb ki, ümumilikdə ölkədə 2003-2025-ci illərdə 3 min 600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub:
"Bundan başqa, son beş ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb. Qarşıdakı 6-7 il ərzində isə qəzalı məktəb probleminin tamamilə həllini planlaşdırırıq".
E.Əmrullayev həmçinin əlavə edib ki, son beş ildə dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb:
"Bu artımlar əsasən, təhsil sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması və əməyin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda təhsil xərclərinin ümumi daxili məhsuldakı (ÜDM) payının artım tendensiyası da davam edib. 2022-ci ildən bəri bu göstərici yüksəlməkdə davam edir və 2026-cı ildə 3,7 faiz səviyyəsində proqnozlaşdırılır".
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.