DİM sədri: "Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğunun nəticələrini mütləq nəzərə alacağıq"
- 18 dekabr, 2019
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qiymətləndirmə və təhsil sistemində, ümumilikdə ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda konfransda deyib.
O bildirib ki, 20 ildən çoxdur hər keçirilən imtahanlardan sonra geniş elmi-statistik təhlillər aparılır: "Bu statistik təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlilləri ilə bağlı hər hansı fikir söyləyə bilmərəm. Çünki həmin tədqiqatlar hazırda davam edir".
DİM sədri qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır: "Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da bunu davam etdirmək lazımdır. Araşdırmalar üçün qoyulan məsələlər ilkin kəşfiyyat xarakterli aparılan sorğudur".
M.Abbaszadə vurğulayıb ki, problemləri təkcə şagirdlərdən soruşmaq yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə birlikdə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır.