Biləsuvarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin təqdimatı olub
- 08 iyul, 2019
- 18:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda Gənclər Fondunun nəzdində yaradılmış Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin təqdimatı keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavini və İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev və rayon gəncləri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə qeyd edib ki, bu cür mərkəzin yaradılması rayon gənclərinin inkişafına böyük töhfə olmaqla bərabər, gənclərin gələcək fəaliyyətlərinin stimullaşdırılmasında önəmli rol oynayacaqdır.
Tədbirin davamında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavini və İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova söz alaraq, dövlətin gənclərə qayğı və diqqətinin hər bir fəaliyyət sahəsində hiss edildiyini bildirib. Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov gənclərlə bağlı dövlət siyasətinin ürəkaçan nəticələrindən bəhs etmiş və gələcəkdə bu siyasətə dəstək olmaq məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə fəaliyyət göstərmək arzusunda olduqlarını da vurğulayıb.
Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev öz növbəsində qeyd edib ki, Gənclər və İdman İdarəsi hər zaman Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətlərinə bütün lazımi dəstəyi göstərməyə hazırdır. Tədbirdə həmçinin rayon gənclərinin Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzindən gözləntiləri, iştirak etmək istədikləri fəaliyyətlər barədə fikirləri dinlənilib.