AzMİU işlə təmin etdiyi məzunlarının sayını açıqlayıb

Elm və təhsil
  • 13 aprel, 2023
  • 08:48
AzMİU işlə təmin etdiyi məzunlarının sayını açıqlayıb

"Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) məzunların işlə təminat məsələsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir".

Bunu "Report"a açıqlamasında AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə universitetdə Təcrübə və Karyera Mərkəzi fəaliyyət göstərir və mərkəzin təşkilatçılığı ilə hər il karyera sərgiləri keçirilir.

Şöbə müdiri bildirib ki, bundan əlavə, mərkəz tərəfindən mütəmadi olaraq məzunlarla əlaqə saxlanılır və onların məşğulluq vəziyyəti araşdırılır: "Son statistikaya əsasən, universitetin 2021-2022-ci tədris ilində məzun olan 2069 tələbəsindən (1614 bakalavr 455 magistr) 71 faizinin işlə təmin olunduğu müəyyən edilib. Məzunların işlə təminatı məsələsinə karyera sərgiləri ciddi təsir göstərir. Hər il təşkil olunan bu sərgilərdə 80-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr tərəfindən tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yerləri təklif edilir. Ölkənin aparıcı şirkətlərindən, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılır".

N.Abdullayev əlavə edib ki, Təcrübə və Karyera Mərkəzi tərəfindən tələbələrə iş axtarmaq, CV hazırlamaq, iş müsahibəsinə hazırlaşmaq kimi məsələlərdə məsləhət xidməti də göstərilir və buna dair mütəmadi olaraq məlumatlandırıcı görüşlər keçirilir.

44 - Tezliklə