Rauf Hacıyev: Xəzərin səviyyəsinin azalması artıq gələcəyin deyil, bu günün reallığıdır
- 10 sentyabr, 2026
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizinin su səviyyəsinin azalması artıq gələcəyə dair mümkün ssenari deyil, bu gün müşahidə olunan reallıqdır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev cari ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək COP-31 çərçivəsində Trabzon şəhərində təşkil olunan hazırlıq toplantısında çıxışı zamanı deyib.
O, müzakirələrin Xəzər dənizi kimi əsas su hövzələrinin dayanıqlığının artırılması ilə yanaşı, müxtəlif regional səviyyələrdə həyata keçirilə biləcək praktik əməkdaşlıq və uyğunlaşma yanaşmalarının formalaşdırılmasına fayda verəcəyinə inandığını bildirib:
"Xəzər dənizinin ətraf mühit sisteminin monitorinqi, su səviyyəsində baş verən dəyişikliklərin səbəb və nəticələrinin daha dərindən öyrənilməsi, gələcək su səviyyəsi ssenarilərinin qiymətləndirilməsi və bu dəyişikliklərə praktik uyğunlaşma yollarının araşdırılması Azərbaycan üçün əsas prioritetlərdəndir. İqlim, okean və mavi iqtisadiyyat konsepsiyası qlobal gündəliyin mühüm istiqamətlərindən biridir. Azərbaycan dünya okeanına birbaşa çıxışı olmasa da, Xəzər dənizində müstəqil ölkə kimi bu müzakirələrə öz təcrübəsi və baxışları ilə fayda verməyə hazırdır".
Nazir müavini xatırladıb ki, Xəzər dənizi region üçün yalnız unikal ekosistem deyil, eyni zamanda ekoloji, sosial və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyan ortaq su hövzəsidir:
"Xəzər hazırda iqlim dəyişmələri və digər antropogen amillərin yaratdığı artan təzyiqlərlə üzləşir. Xəzərin su səviyyəsinin son onillikdə davamlı şəkildə aşağı düşməsi artıq gələcəyə dair mümkün ssenari deyil, bu gün müşahidə etdiyimiz bir reallıqdır".
Rauf Hacıyev vurğulayıb ki, su səviyyəsinin azalması sahil xətlərinin geri çəkilməsi, sahilyanı ərazilərin və ekosistemlərin dəyişilməsi, biomüxtəlifliyin və ayrı-ayrı qiymətli növlərin, o cümlədən Xəzər suitisinin və nərə balıqlarının yaşayış areallarının daralması kimi ciddi ekoloji nəticələr yaradır:
"Prosesin təsirləri yalnız ekoloji problemlərlə məhdudlaşmır. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, infrastruktur və nəqliyyat sistemlərinə, limanların fəaliyyətinə və digər iqtisadi fəaliyyətlərə də kəskin təsir göstərə bilər. Bu istiqamətdə elmi bilik mübadiləsinin gücləndirilməsinə ehtiyac var".
Nazir müavini qeyd edib ki, Xəzər dənizinin ekoloji dayanıqlılığının təmin edilməsi və iqlim dəyişmələrinin təsirlərinin azaldılması yalnız ayrı-ayrı okeanların, ölkələrin, sahillərin və ya regionların deyil, dövlətlərarası regional əməkdaşlığın məsələsidir:
"Bu çağırışlara cavab vermək üçün ilk növbədə elmi biliklər, siyasət və qərarvermə arasında əlaqələri daha da gücləndirmək lazımdır. İqlim dayanıqlılığı və ekosistemlərin qorunması məsələləri iqtisadi inkişafdan kənarda deyil, iqtisadi inkişafın ayrılmaz hissəsi kimi nəzərə alınmalıdır".