"Kopernik": Cari ilin oktyabr ayı dünyada müşahidə tarixinin ən isti üçüncü ayı olub
- 07 noyabr, 2025
- 09:47
2025-ci ilin oktyabr ayı dünyada 15,14 dərəcə orta temperaturla müşahidə tarixinin ən isti üçüncü oktyabr ayı olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Copernicus Climate Change Service"in (C3S) aylıq hesabatında bildirilib.
Belə ki, oktyabrda orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,7 dərəcə yüksək olub. Bu da sənaye öncəsi dövr (1850–1900) göstəricisindən 1,55 dərəcə yüksəkdir. Beləliklə, oktyabr ayında temperatur artımı 2025-ci ilin aprelindən bəri ilk dəfə sənaye öncəsi dövr ortalamasına görə 1,5 dərəcəni keçib.
Hesabatda həmçinin bildirilib ki, 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrınadək olan dövrdə orta temperatur 1991-2020 dövrünün ortalamasından 0,62 dərəcə, sənaye öncəsi dövrün ortalamasından isə 1,5 dərəcə yüksək olub:
"Bu göstəricilərdən sonra 2025-ci ilin müşahidə tarixində ən isti ikinci və ya üçüncü il ola bilər. 2024-cü il isə hələ də müşahidə tarixində ən isti il olaraq qalır".
Qeyd edək ki, C3S Avropa İttifaqının himayəsi altında Kopernik Yer Müşahidəsi Proqramı (Copernicus Earth Observation Programme) tərəfindən təqdim olunan altı tematik məlumat xidmətindən biridir. "Kopernik" Avropada və digər ölkələrdə mövcud tədqiqat infrastrukturu və məlumatları üzərində qurulmuş əməliyyat proqramıdır. C3S Ümumdünya İqlim Tədqiqatları Proqramı (WCRP) tərəfindən aparılan iqlim tədqiqatlarına əsaslanır.