Dmitro Şlapaçenko: İqlimlə bağlı fəaliyyətlərə investisiyaların həcmi beş dəfə artıb
- 07 sentyabr, 2026
- 11:56
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim gündəliyi ilə bağlı fəaliyyətə yatırılan investisiyaların həcmi beş dəfə artıb.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
O qeyd edib ki, BMT Azərbaycanın COP29-a sədrliyini fəal şəkildə dəstəkləyib, bu iş çərçivəsində BMT-nin 25 agentliyinin iştirakı ilə 12-yə yaxın təşəbbüs həyata keçirilib və işə salınıb.
D.Şlapaçenkonun sözlərinə görə, onların arasında Bakı Qlobal Şəffaflıq Platforması, fermerlər üçün "Harmoniya" Bakı İqlim Təşəbbüsü, eləcə də COP29 Yaşıl Rəqəmsal Bəyannaməsi var.
O vurğulayıb ki, COP29 Yaşıl Rəqəmsal Bəyannaməsi konfransın konkret nəticələrindən biri olub: "Təşəbbüsü 82 ölkə və 1 800-ə yaxın şirkət və təşkilat dəstəkləyib. COP30-dakı Rəqəmsal fəaliyyət habı ölkələrə, xüsusən də Qlobal Cənub ölkələrinə bu təşəbbüsləri irəlilətməyə kömək edəcək praktik alətlər təqdim edəcək".
D.Şlapaçenko, həmçinin bildirib ki, BMT və Azərbaycan hökuməti 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıblar: "COP29 və konfransın göstərdiyi təsir sayəsində iqlim sahəsində bir çox konkret fəaliyyət bəndləri ortaya çıxdı. Biz onları növbəti beş il ərzində həyata keçirməyi nəzərdə tuturuq".