Bakıda ağacların kütləvi qurumasının qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlanıb
- 14 oktyabr, 2022
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda ağacların kütləvi qurumasının qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlanıb.
"Report"un xəbərinə görə, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda keçirilən tədbirdə biologiya elmlər doktoru Dilzarə Ağayeva məlumat verib.
Onun sözlərinə görə, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib.
D.Ağayeva bildirib ki, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib: "Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən paytaxta dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb".