Salyanda qəzalı vəziyyətə düşən 111 yaşlı məscid təmir olunacaq
- 11 oktyabr, 2025
- 11:32

Salyanda keçmiş "Kolxoz bazarı" ərazisində yerləşən 111 yaşlı məsciddə əsaslı təmir işləri aparılacaq.
"Report"un Aran bürosu xəbər verir ki, haqqında danışılan məscid 1914-cü ildə Salyanın zəngin tacirlərindən olan Hacı Səməd Ələkbərov tərəfindən inşa edilib.
Təxminən 400 nəfər üçün nəzərdə tutulmuş məsciddə möminlər 1920-ci ilin aprelində baş verən bolşevik işğalına qədər ibadətlə məşğul olublar.
Sovet hakimiyyəti dövründə fəaliyyəti dayandırılan məscid sonrakı illərdə anbar kimi və digər təyinatlar üzrə istifadə edilib. Uzun illər baxımsız qalan yerli əhəmiyyətli tarixi bina hazırda qəzalı vəziyyətə düşüb. Qırmızı kərpicdən tikilmiş binanın divarları eroziyaya uğrayıb, otaqların qapı-pəncərəsi çıxarılıb, yaxud kilidlənib.
Məscidin bu vəziyyətə düşməsi rayon sakinlərinin narahatlığına səbəb olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan rayon nahiyəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, sözügedən məscid qurumun balansında olmadığı üçün bu məsələyə müdaxilə etmək imkanları yoxdur.
Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, Hacı Səməd məscidinin yerləşdiyi keçmiş "Kolxoz bazarı"nın ərazisi ötən əsrin 90-cı illərinin ortalarında şirkətlərdən biri tərəfindən özəlləşdirilib.
Nəzərdə tutulan şirkətdən isə bildirilib ki, yararsız vəziyyətdə olan məscid binasında yaxın günlərdə əsaslı təmir işlərinə başlanacaq.