Məktəbli forması qaydaları təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir - RƏY
- 13 oktyabr, 2026
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Təhsil müəssisələrinin daxili nizam-intizam və məktəbli forması qaydaları heç bir halda təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir.
"Report" xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan dini etiqad azadlığının təmin olunduğu, dinlərarası harmoniyanın qorunduğu, müxtəlif dini inanclara hörmət və ehtiramla yanaşıldığı azsaylı ölkələrdəndir:
"Dünyəvi dövlət olaraq ölkəmiz bütün dinlərə bərabər münasibət bəsləməklə, vətəndaşlarının dini inanclarına böyük hörmətlə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin əsasını dini ayrı-seçkiliyə yol verilməməsi, etiqad azadlığının qorunması və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması prinsipləri təşkil edir. Bu isə bir xalq olaraq bizim mənəvi sərvətimizdir. Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, dini və milli müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və tolerantlıq Azərbaycan cəmiyyətinin ayrılmaz xüsusiyyəti, xalqımızın əsrlər boyu formalaşmış həyat tərzidir".
O bildirib ki, Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq, bütün dinlərə və konfessiyalara məxsus ibadət ocaqlarının təmiri, bərpası və yeni ibadət yerlərinin inşasına daim xüsusi diqqət yetirilir:
C. Məmmədov qeyd edib ki, ümumilikdə isə bu yanaşma dövlətimiz tərəfindən dini müxtəlifliyə və etiqad azadlığına göstərilən hörmətin bariz nümunəsidir.
"Bunun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri öz dini ayin və mərasimlərini sərbəst şəkildə icra etmək imkanına malikdirlər. Təəssüf ki, son günlər bəzi yerli və xarici siyasi qüvvələr Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər"in təsdiq edilməsi və "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında qərarları məqsədyönlü şəkildə manipulyasiya edərək, onu dini etiqad azadlığının məhdudlaşdırılması və dini inanclara qarşı yönəlmiş addım kimi təqdim etməklə ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə süni gərginlik yaratmağa çalışırlar".
O bildirib ki, bu Qərarların əsas mahiyyəti sosial dövlət modelinin təhsildə təzahür forması kimi şagirdlər arasında sosial bərabərliyə xidmət etməklə maddi vəziyyətdən və dini mənsubiyyətdən asılı olmayaraq, ayrı-seçkiliyə yol verilməsinin, fərqliliyin ön plana çəkilməsinin qarşısını almaqdır:
"Bu səbəbdən, təhsil müəssisələrinin daxili nizam-intizam və məktəbli forması qaydaları heç bir halda təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir. Çünki təhsil yalnız cəmiyyətin intellektual inkişafını təmin edən sahə deyil, həm də dövlətin milli təhlükəsizliyinin qorunmasında mühüm strateji əhəmiyyətə malikdir. Bu mənada, hər birimiz bir vətəndaş olaraq çox təmkinli və məsuliyyətli davranmalıyıq".