Pakistanlı nazir: Dinlərarası harmoniyanı gücləndirmək üçün Azərbaycanla işləməyə hazırıq

Din
  • 28 oktyabr, 2026
  • 13:00
Pakistanlı nazir: Dinlərarası harmoniyanı gücləndirmək üçün Azərbaycanla işləməyə hazırıq

Pakistan dinlərarası harmoniyanı gücləndirmək üçün Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Pakistanın dini İşlər və dinlərarası əlaqə üzrə federal naziri Sərdar Məhəmməd Yusaf VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi" adlı sessiyada deyib.

O, Pakistanın dini tolerantlığın təşviqi və dini azlıqların hüquqlarının qorunması prinsiplərinə sadiq olduğunu vurğulayıb.

Pakistanlı nazir dini liderlərin və alimlərin sülh mesajlarının yayılmasında, qərəzə qarşı mübarizədə bundan sonra daha mühüm rol oynayacaqlarına inandığını bildirib:

"Qadınlar və gənclər də dinlərarası təşəbüslərdə, sülh quruculuğunda fəal iştirak etməlidirlər. Biz kollektiv şəkildə islamofobiyaya qarşı birləşməli və bütün dinlərə qarşı ayrı-seçkiliyi rədd etməliyik".

Onun sözlərinə görə, hökumətlər və vətəndaş cəmiyyətləri dialoqlardan nəticələr çıxarmalı, təkliflərin praktiki icrasına keçid etməlidirlər:

"Pakistan dinlərarası harmoniyanı gücləndirmək üçün Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Biz insanların öz dini ənənələrinə sadiq şəkildə başqalarının inancına hörmətlə yanaşmalarını istəyir, bunun mümkünlüyünə inanırıq".