Komitə sədri: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün davamlı əməkdaşlıq qurulmalıdır
- 09 oktyabr, 2026
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün davamlı və ölçülə bilən mexanizmlər üzərində əməkdaşlıq qurulmalıdır.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.
O qeyd edib ki, gənclər arasında milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi mövzusunda Gənclər və İdman Nazirliyi ilə birgə maarifləndirici proqramlar həyata keçirilə bilər:
"Klassik tədbirlərdən əlavə, sosial media və rəqəmsal platformalar üçün müasir məzmunlar hazırlaya bilərik. Gənclər üçün dini savadlılıq və media savadlılığını birləşdirən təlim proqramları hazırlamaq mümkündür. Bunlarla bərabər, gənclərin milli-mənəvi dəyərlərlə bağlı təşəbbüslərini dəstəkləyən birgə layihə və müsabiqələr təşkil etmək mümkündür. Xüsusilə gənclərin özlərinin məzmun istehsalçısı kimi iştirak etdiyi layihələr daha effektiv ola bilər".
Sədr bildirib ki, milli-mənəvi dəyərlərin yalnız tarixi irs kimi deyil, müasir həyat tərzində özünü göstərən davranış və münasibətlər sistemi kimi təqdim edilməsinə diqqət yetirilməlidir. Çünki dəyər yalnız haqqında danışılan anlayış deyil, gündəlik həyatda davranışa çevrildikdə real məna qazanır:
"Nəhayət, bu istiqamətdə görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri formalaşdırmaq olar. Biz milli-mənəvi dəyərlərin qorunmasını gələcəyin Azərbaycan cəmiyyətinin formalaşdırılmasına yönəlmiş ardıcıl və nəticəyönümlü fəaliyyətin mühüm istiqamətlərindən birinə çevirə bilərik".