Azərbaycanın Finlandiyada keçirdiyi konfransda erməni təxribatının qarşısı alınıb

Din
  • 28 aprel, 2017
  • 11:27
Azərbaycanın Finlandiyada keçirdiyi konfransda erməni təxribatının qarşısı alınıb

Bakı. 28 aprel. REPORT.AZ/ Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. 

Tədbir Azərbaycanın Finlandiyadakı səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə təşkil edilib. 

Konfransda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə Helsinki Aleksanteri İnstitutunun rəhbəri, professor Markku Kivinen, Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.

Konfransda iştirak edən Finlandiyanın erməni əsilli vətəndaşı Azərbaycan heyətinə konfransın işinə kölgə salmaq niyyəti ilə təxribat xarakterli sualla müraciət edib. O, Macarıstanda erməni əsgərini qətlə yetirən Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanmasının heç bir tolerantlığa sığmadığını bildirib. Konfransın digər qonağı isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində dini liderlərin həyata keçirdiyi fəaliyyət barədə məlumat almaq istədiyini qeyd edib.

Mübariz Qurbanlı isə sualları cavablandıraraq bu münaqişəni daha yaxşı başa düşmək üçün onun tarixinə nəzər salıb və qeyd edib ki, Sovet İttifaqının dağılmağa başladığı dövrlərdə, yəni 1988-ci ildən başlayaraq, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində əzəldən bu ölkədə yaşayan 300 mindən artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınıb. Sonra isə Ermənistan hərbi birləşmələri müstəqil Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu zəbt edib.

Dövlət Komitəsinin sədri erməni əsgəri tərəfindən Ramil Səfərova qarşı təhrikedici hərəkətlərin edildiyini, bütün bunlarla bağlı məlumatların Macarıstanın məhkəmələrinin sənədlərində əksini tapdığını deyib, bu insanın uşaqlıq illərindən erməni işğalının və zorakılığının qurbanı olduğu üçün əsəblərini cilovlaya bilməyib affekt vəziyyətində hadisəni törətdiyini bildirib. Bunun Azərbaycan xalqının tolerantlığı ilə heç bir əlaqəsinin olmadığını bildirən M.Qurbanlı erməni xanımı Azərbaycanda erməni xalqına qarşı heç bir düşmən münasibətin olmadığını görmək üçün ölkəmizə dəvət edib.

Sonra “Finlandiyanın multikulturalizm və dinlərarası dialoq təcrübəsi” mövzusuna həsr olunan panel iclası keçirilib.

44 - Tezliklə