Yalçın Rəfiyev: Azərbaycan Qambiya, Qvineya-Bisau və Çad ilə Birgə İşçi Qrupları yaradıb
- 09 sentyabr, 2026
- 14:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan COP29 çərçivəsində Qambiya, Qvineya-Bisau və Çad ilə Birgə İşçi Qrupları yaradıb.
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "Bakı İqlim Fəaliyyəti 2026" çərçivəsində keçirilən "Sülh, yardım və bərpa üçün dövlət və özəl iqlim maliyyəsinin səfərbər edilməsi" adlı panel sessiyada deyib.
COP29-un baş danışıqçısı bildirib ki, pilot layihələrin icrası milli maraqların və məsuliyyətin gücləndirilməsinə, maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsinə və layihələrin həyata keçirilməsinə nəzarət edən Birgə İşçi Qrupları vasitəsilə əlaqələndirilir:
"Artıq Qambiya, Qvineya-Bisau və Çad ilə Birgə İşçi Qrupları yaratmışıq. Bu gün xüsusilə Qvineya-Bisau hökumətinin liderliyini və güclü öhdəliyini qeyd etməkdən qürur duyuram. Qvineya-Bisau üzrə pilot layihə üçün bütün zəruri sənədləşmə işlərini başa çatdırmışıq və layihə yaxın zamanda Hazırlıq Proqramı çərçivəsində Yaşıl İqlim Fonduna təqdim olunacaq".
Onun sözlərinə görə, iqlim dəyişikliyi artıq sadəcə ekoloji problem deyil, o, qlobal sülh və təhlükəsizlik üçün kritik bir təhdidə çevrilib.
Nazir müavini əlavə edib ki, COP29 Sədrliyi "Sülh, yardım və bərpa naminə iqlim fəaliyyətinə dair Bakı Çağırışı"nı irəli sürdü və iqlim–sülh–inkişaf əlaqəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün praktiki platforma kimi "Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi"ni təsis edib:
"Mərkəzin yanaşmasının əsas komponentlərindən biri inteqrasiya olunmuş iqlim–sülh həllərini praktikada sınaqdan keçirmək və gələcək investisiyalar üçün geniş miqyasda tətbiq oluna biləcək modellər yaratmaq məqsədilə pilot layihələrin həyata keçirilməsidir.
COP29 çərçivəsində biz bu təşəbbüsləri belə bir möhkəm inamla başladıq ki, iqlim fəaliyyəti, sülh, dayanıqlılıq, bərpa, yardım və davamlı inkişaf paralel və əlaqəli şəkildə irəliləməlidir".