Tbilisi olayları ilə bağlı daha 13 nəfər həbs olunub
- 09 oktyabr, 2025
- 12:27

Gürcüstan Prokurorluğu oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı daha 13 nəfəri qrup halında strateji və xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirməyə cəhd, qrup zorakılığı təşkil etmək və bu zorakılıqda iştirak etməkdə ittiham edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Prokurorluğun məlumatına görə, istintaq müəyyən edib ki, saxlanılan şəxslər artıq həbsdə olan qrup zorakılığının təşkilatçılarının çağırışlarına qoşularaq prezidentin inzibati binasına hücum etməyə cəhd göstəriblər.
Onlar binanın qoruyucu baryerlərini sındıraraq həyətyanı sahəyə daxil olublar, polis əməkdaşlarına qarşı aqressivlik nümayiş etdirərək müxtəlif əşyalar atıblar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki və şifahi təzyiq göstəriblər.
Hadisə zamanı saxlanılanlardan Koba Epitaşvili polis əməkdaşına fiziki təzyiq göstərib, Saba Kordzaia isə asayişi bərpa etməyə çalışan hüquq-mühafizəçilərə "Molotov kokteyli" atıb.
İstintaq zamanı müəyyən olunub ki, zorakılıq aktlarının təşkilatçılarından biri olan Nana Sanderi sosial şəbəkələr vasitəsilə zorakı hərəkətləri təşviq edib, iştirakçılar üçün avadanlıq və geyimlərin alınması üçün vəsait toplayıb və aksiyanın koordinasiyasını həyata keçirib.
Prokurorluğun məlumatına əsasən, Koba Epitaşvili və Saba Kordzaia Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi (qrup zorakılığında iştirak) ilə, digər 10 nəfər isə 19-222-ci maddənin 2-ci bəndi (qrup halında strateji obyektin ələ keçirilməsinə cəhd) ilə ittiham olunublar.
Nana Sanderi isə 225-ci maddənin 1-ci hissəsi (qrup zorakılığının təşkili) ilə təqsirləndirilir. Bu maddə 9 ilədək həbs cəzası nəzərdə tutur.
Prokurorluq bildirib ki, bütün 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq dövlət hakimiyyətini zorakılıq yolu ilə dəyişdirməyə cəhd və strateji obyektin ələ keçirilməsi planı ilə bağlı davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın hüquq-mühafizə orqanları oktyabrın 4-də - yerli seçkilər günü Tbilisidə etiraz aksiyası çərçivəsində baş verən hadisələrlə bağlı 35 nəfəri saxlayıb. Saxlanılanlar arasında həm mitinqin təşkilatçıları, həm də qanunsuz və zorakılıq hərəkətləri edən iştirakçılar var.