Serbiya nümayəndəsi: Zaman itkin düşmüş şəxslərin əleyhinə işləyir

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 15:41
Serbiya nümayəndəsi: Zaman itkin düşmüş şəxslərin əleyhinə işləyir

Zaman itkin düşmüş şəxslərin əleyhinə işləyir.

"Report" xəbər verir ki, bunu Serbiyanın Qaçqınlar və Miqrasiya Komissarlığı AP KiM-də İtkin düşmüş şəxslər qrupunun rəhbəri Vesna Boskoviç Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, 30 ildən çoxdur, həqiqət və ədaləti gözləyən ailələr hələ də suallarına cavab tapa bilmirlər:

"İtkin düşən şəxslərin başlarına nə gəldiyini müəyyənləşdirmək bizim məsuliyyətimizdir. Bu problem kökündən həll olunmalıdır və bunun üçün beynəlxalq əməkdaşlığa ehtiyac var. İtkin düşənlərin ailələri illərlə bu dərdləri özləri ilə daşıyırlar, onlar yaxınlarının ölüb-ölmədiyini bilmədən bəzən onlara yas tuturlar. Zaman itkin düşmüş şəxslərin əleyhinə işləyir. Ümid edirik ki, daha çox vaxt keçmədən onların taleyi müəyyənləşəcək. Zaman onların xatirələrinin itməsinə gətirib çıxara bilər, halbuki xatirələr onlarla bağlı geridə qalan tək şeydir", - o əlavə edib.

Vesna Boskoviç vurğulayıb ki, o, uzun illərdir itkin düşmüş şəxslərlə bağlı komissarlıqda çalışır:

"Mən özüm anayam və övladımdan bir gün cavab almasam, nə edəcəyimi düşünəndə itkin düşmüş şəxslərin ailələrinin ağrılarını daha yaxşı başa düşürəm. Hesab edirəm ki, bu sahədə çalışan hər kəs, özünü həmin şəxslərin ailə üzvlərindən biri kimi təsəvvür edə bilməli və səylərini artırmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti