Nazir: ATƏT mina təhlükəsi məsələsində Azərbaycana dəstək göstərə bilər

Xarici siyasət
  • 04 avqust, 2026
  • 13:16
Nazir: ATƏT mina təhlükəsi məsələsində Azərbaycana dəstək göstərə bilər

ATƏT mina təhlükəsi məsələsində Azərbaycana dəstək göstərə bilər.

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

"Azərbaycan üçün mina təhlükəsi, partlamamış sursatların mövcudluğu problemi var. ATƏT bu mövzuda təcrübəsi olan qurum kimi Azərbaycana dəstəyini göstərə bilər", - nazir qeyd edib.

O deyib ki, bugünkü görüşdə bu konteksdə də müzakirələr aparılıb.

Nazir əlavə edib ki, 2020-ci ildən bəri 433 nəfər mina probleminin qurbanı olub: "Ərazilər azad olunduqdan sonra problemin miqyasının daha da böyük olduğunu görmüşük. Bu problemlə mübarizədə Azərbaycan öz resurslarından istifadə edir. Sözsüz, Azərbaycana dəstək göstərən ölkələr var, bu, Azərbaycanın öz töhfəsi ilə müqayisədə çox kiçikdir".

C.Bayramov bildirib ki, ATƏT və ATƏT-ə üzv ölkələrin minatəmizləmə potensialını nəzərə alaraq Azərbaycanın gözləntisi ATƏT-in daha fəal olmasıdır: "Bu gözləntimizi Vyanada da davamlı olaraq qaldırır, ifadə edir, bu gün də ifadə edirik".