İsveçrədə SES-dəki partlayışda 2 nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 09 sentyabr, 2026
  • 19:20
İsveçrədə SES-dəki partlayışda 2 nəfər ölüb - YENİLƏNİB

İsveçrənin cənubundakı köhnə Su Elektrik Stansiyasında (SES) baş verən yanğın nəticəsində 2 işçi ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Tiçino kantonu polisinin məlumatına görə, Pyotta kəndindəki elektrik stansiyasında partlayışdan sonra yanğın baş verib və nəticədə 2 kişi ağır yaralanıb. Daha sonra onlar aldıqları xəsarətlərdən ölüblər.

Həlak olan işçilərdən biri 55 yaşlı İsveçrə vətəndaşıdır, digərinin şəxsiyyəti isə müəyyənləşdirilir.

Polisin açıqlamasında bildirilib ki, hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.

Bu gün səhər saatlarında İsveçrənin cənubundakı "Ritom" su elektrik stansiyasında (SES) baş vermiş partlayış nəticəsində iki nəfər ağır xəsarət alıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09:30-dan bir qədər sonra baş verib.

Tiçino kantonu polisinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ağır yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər, xilasedicilər və "Rega" şirkətinin helikopteri cəlb olunub.

"RescueMedia"nın məlumatına görə, partlayışdan sonra bina qismən çöküb.

Hadisənin başvermə səbəbləri və şəraiti müəyyənləşdirilir.