İrakli Qaribaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb
- 24 oktyabr, 2025
- 11:09
Gürcüstan Prokurorluğu ölkənin sabiq Baş naziri İrakli Qaribaşviliyə qarşı rəsmi ittiham irəli sürüb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumat qurumda keçirilən brifinqdə açıqlanıb.
Məlumata görə, ittiham Qaribaşvilinin və digər keçmiş yüksək vəzifəli şəxslərin fəaliyyətinə dair araşdırma çərçivəsində irəli sürülüb. Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze bildirib ki, İrakli Qaribaşvili istintaqla əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
"Keçmiş baş nazir İrakli Qaribaşvili Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müsahibə verib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib", – E.Qaqnidze qeyd edib.
Gürcüstan Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvili barəsində həbs-qətimkan tədbiri olaraq 1 milyon lari (368 min dollar) məbləğində girov təyin edilməsini tələb edib. Bununla yanaşı, agentlik onun Gürcüstan pasportunun müsadirə olunmasını və ölkədən çıxışına qadağa qoyulmasını da istəyib.
Oktyabrın 17-də Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze bildirib ki, istintaq çərçivəsində İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli 8 nəfərin evində axtarışlar aparılıb. Axtarış zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb.
Əməliyyat Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Təhlükəsizliyi Departamentlərinin istintaqı çərçivəsində həyata keçirilib.