Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir!

İKT
  • 24 oktyabr, 2025
  • 13:17
Azərbaycanın əsas rəqəmsal mükafatı NETTY 2025 üçün müraciətlərin qəbulu davam edir!

Azərbaycanda "NETTY 2025" Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir, artıq 140-dən çox layihə təqdim olunub.

2025-cü ildə NETTY çərçivəsində resurslar aşağıdakı əsas kateqoriyalar üzrə qiymətləndirəcək:

- Elektron dövlət və rəqəmsallaşdırma

- Rəqəmsal iqtisadiyyat, biznes və startaplar

- İnnovasiyalar, kibertəhlükəsizlik, və süni intellekt

- Elm, təhsil və rəqəmsal savadlılıq

- Media, mədəniyyət və kreativ kontent

- XXI əsrin həyat tərzi və turizmi

- Cəmiyyət və inklüzivlik üçün texnologiyalar

NETTY - bu gün Azərbaycan rəqəmsal ekosistemində tanınmaq, öz layihəsini ictimaiyyətə və ekspertlərə təqdim etmək üçün ən vacib platformadır.

Hər nominasiya üç sahədən ibarətdir: vebsaytlar, tətbiqlər və sosial səhifələr. Hər nominasiya üzrə, hər bir istiqamət üzrə qalib müəyyən ediləcək. İştirakçılar 3 meyara görə qiymətləndirilir - ideya, məzmun, icra.

Hazırda müsabiqədə iştirak edən resursların 70 %-i internet saytlarıdır, iştirakçıların qalan hissəsi, hələ ki, sosial səhifələr və tətbiqlər arasında bərabər bölünür.

Hazırda ən çox iştirakçı "Rəqəmsal iqtisadiyyat, biznes və startaplar" nominasiyasında, ən az iştirakçı isə "Elektron dövlət və rəqəmsallaşdırma" nominasiyasındadır.

2009-cu ildən başlayaraq NETTY çərçivəsində "İlin İT hadisəsi" fəxri nominasiyası da mövcuddur. Oktyabrın 20-dən bu nominasiya üzrə də ərizələrin qəbuluna başlanılıb. Bu nominasiya Azərbaycanın yüksək texnologiyalar bazarında əsas layihələri müəyyənləşdirir və mükafatlandırır. Nominasiyanın keçirilməsi NETTY mükafatının təşkilat komitəsi və InfoCity jurnalının redaktorları tərəfindən irəli sürülüb.

Müsabiqə iştirakçılarının ərizələri www.netty.az saytında qəbul olunur və noyabrın 24-dək davam edəcək. Noyabrın 24-dən dekabrın 5-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. Dekabrın 6-da NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

"NETTY 2025"in qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Bütün müsabiqə nominantları tədbirə dəvətlidir. Müsabiqə zamanı nominantlar və qaliblər diplomlar və rəsmi NETTY mükafatlarını, həmçinin müsabiqə partnyorları tərəfindən hədiyyələri alırlar. Medianın və internet auditoriyasının diqqəti təmin edilir.

Səsvermə başlamazdan əvvəl müsabiqənin bir hissəsi olmaq üçün bir neçə üsul var - iştirakçı, virtual münsiflər heyətinin üzvü və ya müsabiqənin eksperti olmaq.

"İştirakçılar" öz layihələri, veb-resurslarını, sosial şəbəkələrdəki səhifələrini və ya tətbiqlərini mükafatın saytında qeydiyyatdan keçirmiş istifadəçilərdir.

"Virtual münsiflər heyəti" internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti "Virtual Münsiflər Heyətinin Seçimi" kateqoriyasında müsabiqədə iştirak edənlərin ümumi sayından üç namizəd seçir.

"Ekspert Şurası" müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası nominasiyaların hər biri üzrə, və hər sahə üzrə üç namizəd seçir.

"NETTY Akademiyası" Azərbaycanın dövlət, ictimai və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

Bu ilki mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş: NAR

Rəsmi tərəfdaş: "AzInTelecom" MMC

Tərəfdaşlar: Azərbaycan İnnovasiya Mərkəzi (AIM), "SmartHost", "Savalan", "AliNino", Matrix Akademiyası, Online.az, "Renley".

İnformasiya tərəfdaşları: "Report" İnformasiya Agentliyi, Infocity.tech, Technote.az, Oxu.az, "Каспий" qəzeti, Baku.TV, Baku.ws, "Radio Enerji", "Kazzımli Photography", "Sapunov Online", ALR Media.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz. Müsabiqə haqqında ətraflı məlumat əldə etmək və iştirak etmək üçün www.netty.az saytına baxa bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti