İqtisadiyyat naziri: "Sağlam rəqabət üçün bazarda azı iki böyük oyunçunun olması vacibdir"
- 03 oktyabr, 2025
- 10:58

Azərbaycan kimi kiçik bazarlarda əsas çağırışlardan biri iqtisadiyyatın şaxələndirilməsi, yeni məhsul və xidmətlərin bazara gətirilməsidir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, bazarda hər hansı məhsul və ya xidməti yalnız bir müəssisənin istehsal etməsi rəqabətə imkan vermir: "Ən azı iki böyük oyunçunun olması vacibdir. Lakin sağlam rəqabət mühitinin formalaşması üçün bu say daha çox olmalıdır. Məqsədimiz iqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaqdır".
M.Cabbarov əlavə edib ki, bu istiqamətdə əsas məsələ həmin bazarların necə tənzimlənməsi və istehlakçı maraqlarının necə qorunması ilə bağlıdır: "Bütün bu çağırışlar rəqabət siyasətinin və dövlətin tənzimləyici qurumlarının qarşısında duran mühüm vəzifələrdir".