Səfir: TRIPP-in istifadəyə verilməsi regionda sabitlik yarada bilər – MÜSAHİBƏ
- 03 oktyabr, 2025
- 12:37

Litva ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir, ikitətərli əlaqələr, ticarət münasibətləri genişlənir. 2025-ci il yanvarın 10-da Prezident İlham Əliyevə etimadnamələrin təqdim edilməsi mərasimi zamanı Litvanın Bakıda yeni təyin olunmuş səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) də bu məsələləri xüsusi vurğulayıb. O bildirib ki, Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın beynəlxalq arenada oynadığı mühüm rolu yüksək qiymətləndirir.
Səfir "Report"a müsahibəsində Azərbaycandakı diplomatik missiyası dövründəki planları, Azərbaycan və Litvanın müstəqil dövlətlər kimi formalaşmasında tarixi talelərinin oxşarlığını, həmçinin müxtəlif regionlar arasında nəqliyyat-logistika mərkəzlərinin inkişafı üçün geniş perspektivlər açan əlverişli geosiyasi mövqeyə malik ölkə kimi Azərbaycanın strateji rolunu qeyd edib.
- Siz Prezident İlham Əliyevə etimadnamələrinizi təqdim etdiyiniz vaxtdan doqquz ay keçib. İki ölkə arasındakı münasibətlərin gücləndirilməsi üçün hansı prioritetləri müəyyən etmisiniz?
- Diplomat üçün əsas prioritetlərdən biri siyasi məsləhətləşmələr, liderlər, nazirlər, hökumət nümayəndələri və müxtəlif qurumlar arasında müntəzəm səfərlərin eləcə də, əməkdaşlığın aktivləşdirilməsidir. O cümlədən iki ölkənin vətəndaşları arasında əlaqələrin gücləndirilməsi olduğunu düşünürəm. Bu müntəzəm qarşılıqlı əlaqələr son dərəcə vacibdir. Sıx əlaqələr sayəsində yalnız konkret layihələri müzakirə etmək deyil, həm də hər iki tərəfə hiss ediləcək fayda gətirən real addımlar atmaq mümkündür.
Siyasi aspektlə yanaşı, iqtisadi və mədəni əməkdaşlıq da eyni dərəcədə vacibdir. Xüsusilə Azərbaycanda, yerli sakinlərin mədəni layihələrə və irsə verdikləri böyük dəyəri hiss etdim. İlk dəfə Bakıya gəlib şəhərin küçələrində gəzəndə görkəmli mədəniyyət xadimlərinin vaxtilə yaşadıqları binaların qarışısında, fasadında nə qədər abidə və memorial lövhələrin qoyulduğunun şahidi oldum. Bu məni yaxşı mənada təəccübləndirdi. Bu, insanların öz mədəni irsini xatırladıqlarını və qiymətləndirdiklərini göstərir.
Mədəniyyətə hörmət səfirliyimizin işinə də birbaşa təsir göstərir: müxtəlif mədəni tədbirlərin və mübadilələrin təşkilində fəal iştirak edirik. Çünki bu, hər iki tərəf üçün həqiqətən də vacibdir. Bundan əlavə, insanlar arasında təhsil və idman sahəsində əlaqələr də əhəmiyyətlidir. Bütün bu istiqamətlər səfirliyimiz üçün prioritetə çevrilir.

- Azərbaycan və Litva arasındakı iqtisadi əməkdaşlığın mövcud səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə inkişaf potensialı var?
- Statistikaya nəzər salsaq, ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərdə müsbət dinamikanı qeyd etmək olar. Belə ki, 2019-cu ildən Azərbaycan və Litva arasında ticarət dövriyyəsi 70 % artıb. Xidmət sahələri üzrə ardıcıl artımlar müşahidə olunub. Söhbət sürətli sıçrayışdan deyil, davamlı müsbət tendensiyadan gedir. Xidmət və ticarət sahəsində rəqəmləri əhəmiyyətli adlandırıla bilməz. Lakin artım tempi təsiredicidir. Ticarət dövriyyəmiz təxminən 150 milyon dollar təşkil edir ki, bu da pis göstərici deyil.
Litva və Azərbaycan biznesinin ixrac etdiyi məhsullara tələbatın hər iki ölkədə dəyərləndirilməsi xüsusilə xoş haldır. Belə ki, Litva Azərbaycana süd məhsulları göndərir. Bakıdakı mağazalarda alıcılar arasında Litvaya məxsus pendir, yoqurt və digər məhsullara xüsusi tələbat var. Öz növbəsində, Azərbaycan meyvələri, tərəvəzləri, şirələri və qoz-fındığı Litvada yüksək qiymətləndirilir. Məhsulların qarşılıqlı tələbatı xüsusilə sevindirici haldır. Çünki bu, hər iki tərəfdən istehlakçıların marağını və etimadını əks etdirir.
Gündəlik həyatda tələb olunan kimya məhsulları, mebel və digər malların ticarəti də aparılır. Əmtəə dövriyyəsinin davamlı artımı bizə nikbinlik aşılayır və gələcəkdə ticarətin daha da inkişaf etdirilməsinə ümid verir.
- İki ölkə arasında imzalanması nəzərdə tutulan neçə sənəd var və onlar hansı istiqamətləri əhatə edir?
- Artıq iqtisadiyyat, ticarət, maliyyə, təhsil və elm sahələrində bir sıra mühüm sənədlər imzalanıb. Lakin onların bir hissəsi yenilənməyə ehtiyac duyur. Çünki 10-15 il əvvəl imzalanıblar. Bu sənədlərin bəzilərinin yenilənməsi və yenidən hazırlanmasına hər iki tərəfin praktik marağını görürük.

- Litva şirkətlərinin Orta Dəhliz üzrə daşımaların həyata keçirilməsinə marağı varmı?
- Azərbaycana gəlişimdən sonra Bakıda ölkəmizin Klaypeda limanının (Klaypeda limanı Baltik ölkələrinin ən böyük limanıdır, 2023-cü ildə 32,7 milyon ton yük emal edib ki, bu da 2022-ci illə müqayisədə 9 % azdır - red.) baş direktoru Algis Latakası qəbul etdik. Bu səfər Litvanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafına marağını göstərir.
Biz Orta Dəhlizi siyasi səviyyədə də dəstəkləyirik. Çünki o, təcavüzkar dövlətləri, iqtisadiyyatı siyasi alət kimi istifadə edən qeyri-sabit ölkələri yan keçməyə imkan verən alternativ bir marşrutdur. Alternativ marşrutlara malik olmaq imkanı Litva üçün vacibdir. Bundan əlavə, Orta Dəhliz biznes baxımından da dəyərlidir: logistika səmərəliliyini artırır, çatdırılma vaxtına qənaət edir və xərcləri azaldır. Əminəm ki, bu marşrutun inkişaf perspektivləri var. Litva şirkətləri və limanları ona fəal maraq göstərir.
- Bakı və Klaypeda limanları arasında qarşılıqlı əməkdaşlıq üzrə hansı planlar mövcuddur. Bu, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafına necə təsir göstərə bilər?
- Hər iki liman çox əlverişli mövqeyə malikdir və daha böyük bazarlara çıxış üçün səmərəli bir platforma kimi xidmət edə bilər. Bakı Cənubi Qafqazda əsas limandır. Onun Mərkəzi Asiyaya və hətta onun sərhədlərindən kənara çıxmaq imkanı var. Klaypeda limanı öz növbəsində Skandinaviya və Almaniya bazarlarına giriş nöqtəsi kimi yaxşı mövqe tutur. Hər iki liman praktiki olaraq dəmir yolu ilə əlaqələndirilə bilər ki, bu da yüklərin Klaypedaya çatdırılmasına və oradan dəniz nəqliyyatı ilə Skandinaviyaya, Böyük Britaniyaya, Almaniyaya və digər ölkələrə göndərilməsinə imkan verir.

Bunda böyük potensial görürəm və işgüzar dairələr də bu marşrutlardan istifadəyə fəal maraq göstərirlər. Məsələn, Klaypeda limanı artıq Norveç və İsveçdən Azərbaycana mal çatdırır və bu istiqamətdə imkanları dərinləşdirmək istəyi mövcuddur.
- Bu gün müzakirələrin əsas mövzularından biri Zəngəzur dəhlizinin işə salınmasıdır. Litva və şirkətləri üçün bu dəhliz nə dərəcədə maraqlı olacaq? Ümumiyyətlə, rəsmi Vilnüs Cənubi Qafqaz regionunda hazırkı vəziyyəti necə qiymətləndirir?
- Siyasi nöqteyi-nəzərdən, Ermənistan və Azərbaycanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişini paraflaması həqiqətən də mühüm nailiyyətdir. Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar, eyni zamanda regionda sabitlik və təhlükəsizlik baxımından hiss olunacaq nəticələr verir və biz sülh sazişinin tezliklə imzalanacağına ümid edirik.
Bu irəliləyiş, həmçinin işgüzar dairələrin marağının artmasına səbəb olur. Çünki bu, proqnozlaşdırıla bilmə və sabitlik investisiyaların, eləcə də biznes layihələrinin planlaşdırılması üçün əsas amillərdir. TRIPP infrastrukturunun (Zəngəzur dəhlizinin Ermənistan ərazisindəki 42 kilometrlik hissəsi - red.) yaxın gələcəkdə istifadəyə verilə biləcəyi faktının özü sabitlik yaradır. Bu isə şübhəsiz ki, Litva biznesini maraqlandıracaq.

- Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edə bildinizmi? Litva şirkətləri bu ərazilərdəki tikinti-bərpa işlərində iştirak etməyə maraq göstərirmi?
- Cəbrayıl rayonundakı sənaye parkında artıq yeni layihələrə investisiya yatırmağı başlayan Litva şirkəti fəaliyyət göstərir. Bu şirkət mebel istehsalı üzrə ixtisaslaşıb.
Artıq üç dəfə Qarabağda olmuşam. Şahidi olduğum yenidənqurma işləri həqiqətən heyrətamizdir. Məsələn, Füzuli hava limanından Xankəndiyə gedən yolda beş yeni tuneldən keçdik. Xüsusilə heyrətamiz olan odur ki, bütün bunlar cəmi bir il yarım ərzində inşa edilib. Eyni zamanda, Qarabağın təbii gözəlliyindən və regionun mədəni irsindən heyrətlənmişəm. Bu, həmin ərazilərin turizm, kənd təsərrüfatı və iqtisadiyyat sahəsində böyük potensialı olduğunu göstərir.
Əminəm ki, çiçəklənən, sülh və sabitlik içində olan Qarabağ həm Azərbaycana, həm də Ermənistana fayda gətirəcək. Ümid edirəm ki, zamanla hər iki xalqın hələ də hiss etdiyi yaraları və ağrını sağaltmaq mümkün olacaq.
Artıq Azərbaycan və Ermənistanın birgə gələcək üçün ilk addımları atdıqlarını görürəm. Əminəm ki, regionun gələcəyi çox nikbindir.