ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Digər
  • 27 noyabr, 2026
  • 10:16
ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Stomatologiya fakültəsinin yaradılmasının 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransın açılışında çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Stomatologiya fakültəsinin 70 illik yubileyini universitetin elmi-pedaqoji həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O, fakültənin ötən yeddi onillik ərzində ölkəmizdə stomatologiya təhsilinin və elminin inkişafına, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verdiyini vurğulayıb.

Rektor universitetin beynəlxalq nüfuzunun onun məzunlarının dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərməsi ilə də təsdiqləndiyini diqqətə çatdırıb. Müasir stomatologiyanın inkişaf tendensiyalarına toxunan professor G.Gəraybəyli bu sahənin artıq yalnız ağız boşluğu və diş xəstəliklərinin müalicəsi ilə məhdudlaşmadığını, estetik stomatologiya, üz-çənə cərrahiyyəsi və digər istiqamətləri də əhatə etdiyini bildirib. O, yeni texnologiyaların tədris və praktikaya inteqrasiyasının, elmi tədqiqatların genişləndirilməsinin, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Çıxışının sonunda rektor fakültənin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca Stomatologiya fakültəsinin 70 illik inkişaf tarixini, müxtəlif dövrlərdə burada fəaliyyət göstərmiş görkəmli alimlərin və mütəxəssislərin elmi-pedaqoji fəaliyyətini, eləcə də fakültənin əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra konfransda çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bu sahədə müasir yanaşmaların tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və peşəkar kadrların hazırlanmasının strateji əhəmiyyətindən danışıb. O bildirib ki, elmi-praktik konfranslar mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, aktual elmi və praktiki məsələlərin müzakirəsi, yeni yanaşma və nailiyyətlərin paylaşılması baxımından mühüm platformadır. R.Quliyev bu tədbirin stomatologiya sahəsində elmi əməkdaşlığın və peşəkar əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov da çıxışında ATU-nun ölkəmizdə tibb elminin və ali tibb təhsilinin inkişafındakı mühüm rolunu vurğulayıb. O, həkimlərin peşə bilik və bacarıqlarının davamlı olaraq təkmilləşdirilməsinin, elmi nailiyyətlərin klinik praktikaya tətbiqinin, həmçinin ali təhsil müəssisələri ilə səhiyyə təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Professor N.Pənahov Stomatologiya fakültəsinin formalaşdırdığı zəngin elmi-pedaqoji təcrübənin və möhkəm ənənələrin gələcək inkişaf üçün etibarlı zəmin yaratdığını bildirib, yubiley münasibətilə fakültənin kollektivini təbrik edib.

Xarici qonaqlar sırasında yer alan Ukraynanın Xarkov Tibb Universitetinin Uşaq stomatologiyası kafedrasının müdiri, professor Olqa Qarmaş da konfransda çıxış edib. O, Azərbaycan və Ukrayna ali tibb təhsili müəssisələri arasında elmi-pedaqoji əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. Professor stomatologiyanın müxtəlif istiqamətləri üzrə qabaqcıl təcrübənin paylaşılmasının, birgə elmi layihələrin həyata keçirilməsinin və mütəxəssislər arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə uşaq stomatologiyası sahəsində təcrübə mübadiləsinin yeni elmi tədqiqatlar və praktiki əməkdaşlıq üçün geniş imkanlar yaradacağını diqqətə çatdırıb.

Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva çıxışında fakültənin 70 illik fəaliyyət tarixinin əsas mərhələlərinə, elmi-pedaqoji potensialına və əldə etdiyi nailiyyətlərə nəzər salıb. O bildirib ki, ötən onilliklər ərzində fakültədə stomatologiyanın müxtəlif istiqamətləri üzrə yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların aparılması, müasir tədris yanaşmalarının mənimsənilməsi və zəngin pedaqoji ənənələrin qorunub saxlanılması istiqamətində mühüm işlər görülüb.

Dekan fakültənin gələcək inkişaf strategiyasının əsas prioritetləri sırasında müasir tədris metodlarının tətbiqini, tələbələrin klinik və praktik bacarıqlarının daha da təkmilləşdirilməsini, elmi araşdırmaların təşviqini və beynəlxalq akademik əlaqələrin genişləndirilməsini xüsusi vurğulayıb.

Konfransın rəsmi hissəsi bədii proqramla davam edib. "Şəfa" və "Çıraq" ansambllarının üzvlərinin təqdim etdikləri musiqi və rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.