Aİ 1,6 minə yaxın Rusiya şirkətinə və onların rəhbərlərinə qarşı sanksiya tətbiq edib
- 12 oktyabr, 2026
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 1 569 Rusiya şirkətinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
"Report"un Avropa bürosu Şuraya istinadən xəbər verir ki, bu, 2022-ci ildən bəri Aİ tərəfindən razılaşdırılmış ən böyük fərdi sanksiya siyahıları paketidir.
Siyahıya 826 Rusiya şirkəti və həmin müəssisələrin baş direktoru vəzifəsini tutan 743 nəfər daxil edilib.
Aİ Şurasının məlumatına görə, şirkətlər Rusiya raketləri, pilotsuz uçuş aparatları və aviasiya texnikası üçün əsas komponentləri tədarük edirlər. Xüsusilə də söhbət elektronika, yarımkeçiricilər, mikrosxemlər, rabitə vasitələri, radiolokasiya avadanlıqları, naviqasiya sistemləri, partlayıcı maddələr və döyüş sursatlarından gedir.
Şirkətlərin ümumi illik dövriyyəsi azı 20 milyard avro təşkil edir, onlarda 250 mindən çox insan çalışır.
Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, yeni sanksiya mövqelərinin yarısından çoxu Rusiyanın Ukraynanın mülki əhalisinə zərbələr endirmək üçün istifadə etdiyi ballistik raketlərin istehsal zənciri ilə bağlıdır.
Siyahıya daxil edilmiş fiziki şəxslər və şirkətlər barəsində aktivlərin dondurulması tətbiq olunur. Aİ vətəndaşlarına və təşkilatlarına onlara birbaşa və ya dolayısı ilə vəsait və ya iqtisadi resurslar təqdim etmək qadağan edilir. Fiziki şəxslər üçün həmçinin Avropa İttifaqına giriş qadağası qüvvədədir.
Yeni paketin qəbul edilməsindən sonra Ukraynanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar rejim çərçivəsində Aİ sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərin ümumi sayı 4 600-ə yaxınlaşıb.
Qərar, Avropa İttifaqı Şurasının Ukraynaya qarşı davam edən hərbi əməliyyatlara və mülki infrastruktura endirilən zərbələrə cavab olaraq Rusiyaya təzyiqləri gücləndirmək çağırışının ardınca qəbul edilib.