2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş keçirilib

Elm və təhsil
  • 04 avqust, 2026
  • 13:45
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş keçirilib

2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan şəxslərlə görüş çərçivəsində proqram iştirakçılarına xaricdə təhsilə hazırlıq, qarşıdakı mərhələlər və öhdəliklər, ictimai təmsilçilik, eləcə də akademik və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat və tövsiyələr verilib.

"Report" xəbər verir ki, ADA Universitetində baş tutan tədbir Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə keçirilib.

Tədbir qalibləri qarşıdakı təhsil mərhələsinə hazırlamaq, proqram çərçivəsində yaradılan imkanlar və müəyyən edilmiş öhdəliklər barədə məlumatlandırmaq, həmçinin iştirakçıların mövcud suallarını cavablandırmaq məqsədi ilə baş tutub

Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov çıxış ediblər.

Çıxışlarda Dövlət Proqramının ölkənin insan kapitalının inkişafındakı rolu, gənclərə göstərilən yüksək etimad və proqram iştirakçılarının gələcək fəaliyyətinə dair gözləntilər diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbula dair statistik göstəriciləri təqdim edib. O bildirib ki, təqaüdçülərin seçimi namizədlərin bilik və bacarıqlarının, motivasiyasının, məqsədyönlülüyünün və ümumi hazırlıq səviyyəsinin kompleks qiymətləndirildiyi rəqabətli seçim prosesinə əsaslanır.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov isə xaricdə yerli azərbaycanlı icmaları ilə əlaqələrin qurulması, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatların düzgün çatdırılması, eləcə də gənclərin ictimai təşəbbüslərdə fəal iştirakının vacibliyindən söz açıb.

Tədbirin sonunda Dövlət Proqramı iştirakçılarının xaricdə təhsil və maliyyələşmə məsələlərinə dair sualları cavablandırılıb.

44 - Tezliklə