Zelenski: Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü texniki komandalar səviyyəsində keçiriləcək

Digər ölkələr
  • 19 mart, 2025
  • 15:16
Zelenski: Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü texniki komandalar səviyyəsində keçiriləcək
Volodimir Zelenski

Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü texniki xarakter daşıyacaq və qismən atəşkəs, eləcə də gəmiçiliyin təhlükəsizliyi məsələlərini əhatə edəcək.

“Report”un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski finlandiyalı həmkarı Aleksander Stubb ilə birgə mətbuat konfransında bildirib.

"Səudiyyə Ərəbistanında növbəti görüş, əgər biz qismən atəşkəs haqqında, məsələn, infrastruktur, enerji və s. barədə danışacağıqsa, nəzərdə tutulur. Eyni zamanda, gəmiçiliyin təhlükəsizliyi müzakirə olunacaq. Bu, texniki komanda olacaq", - V.Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna tərəfindən müzakirələrdə hərbçilər, energetiklər və liman infrastrukturu üzrə mütəxəssislər iştirak edəcəklər.

"Bu, texniki səviyyədir, artıq baş tutmuş diplomatik görüş deyil. Hərçənd mən bu formatda davam etməyi istisna etmirəm. Bizim tərəfimizdən, əgər atəşkəsə doğru gediriksə, müvafiq komanda olacaq. O, hazırdır və hər gün işləyir", - o vurğulayıb.

Xatırladaq ki, martın 11-də Ciddədə Ukrayna və ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı ilk rəsmi danışıqlar keçirilib. Görüş səkkiz saat davam edib.