Zelenski: "Starshield" sistemindəki nasazlıq "Şahid" PUA-larını ələ keçirməsinə mane olur
- 15 noyabr, 2026
- 16:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirməkdə davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, "Starshield" terminallarının iş sürətinə qoyulan məhdudiyyətlər Ukrayna qüvvələrinin Rusiya istehsalı olan "Shahed" pilotsuz uçuş aparatlarını vaxtında ələ keçirməsinə mane olur.
"Report" xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, son bir həftə ərzində Rusiya Ukraynaya 2 300-dən çox PUA, 1 590 idarəolunan aviasiya bombası və müxtəlif tipli 15 raketlə zərbə endirib.
Zərbələr Zaporojye, Sumı, Odessa, Jitomir və Kirovoqrad vilayətlərinin enerji infrastrukturunu, Dnepropetrovsk və Xarkov vilayətlərində, eləcə də Zaporojyedə dəmir yolu obyektlərini hədəfə alıb. Donetsk və Kiyev vilayətləri də atəşə tutulub. Hücumlar nəticəsində 16 nəfər xəsarət alıb.
Zelenski bildirib ki, Rusiya PUA-larla elektrik yarımstansiyalarını hədəfə alır və bu zərbələrin bir qismi cəbhə xətti boyunca, eləcə də Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində "Starshield" terminallarının sürətinə qoyulan məhdudiyyətlərlə əlaqədardır.
Ukrayna liderinin iddiasına görə, bu məhdudiyyətlər səbəbindən ələkeçirici PUA-lar saatda təxminən 161 kilometr sürətlə hərəkət edərkən operatorlarla əlaqəni itirir və reaktiv mühərrikli "Shahed"ləri effektiv təqib edə bilmir.
Zelenski məhdudiyyətlərin aradan qaldırılacağına ümid etdiyini bildirib. O qeyd edib ki, bunun ölkə əhalisinin və enerji infrastrukturunun qış mövsümü başlamazdan əvvəl qorunması baxımından əhəmiyyəti var.
Prezident Ukrayna Xarici İşlər və Müdafiə nazirliklərinə, eləcə də Prezident Administrasiyasına ABŞ tərəfi və "SpaceX" şirkəti ilə sıx əməkdaşlıq etmək tapşırığı verildiyini açıqlayıb. O, beynəlxalq tərəfdaşları Kiyevə dəstəyi davam etdirməyə çağırıb.