Zelenski BMT Baş Assambleyasının sessiyası çərçivəsində iki görüşün anonsunu verib

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 21:28
Zelenski BMT Baş Assambleyasının sessiyası çərçivəsində iki görüşün anonsunu verib

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində iki xüsusi görüşün keçiriləcəyini elan edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında yazıb.

"İlk görüş liderlər səviyyəsində Beynəlxalq Krım Platformasıdır. Rusiya bizi bloklamağa, müəyyən zallara buraxmamağa və susdurmağa çalışır. Onlar deyirlər ki, guya bu mövzudan qorxmurlar, amma əslində bunun əleyhinə fəal şəkildə işləyirlər. Bütün maneələrə baxmayaraq, bu sammiti keçirəcəyik", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, ikinci görüş Kanadanın Baş naziri Mark Karninin dəstəyi ilə baş tutacaq. "Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqlara həsr olunmuş yüksək səviyyəli tədbir keçirəcəyik. Bir çox liderlər bizə qoşulacaq", - Zelenski bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 23-dən 30-dək təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçiriləcək.