Türk ölkələrinin vahid informasiya məkanının inkişafı Azərbaycan üçün prioritet olaraq qalır

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 10:16
Türk ölkələrinin vahid informasiya məkanının inkişafı Azərbaycan üçün prioritet olaraq qalır

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ümumi informasiya məkanının inkişafı Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının mühüm istiqaməti olaraq qalır.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Rasim Bağırov TDT-nin media və informasiya məsələləri üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin Astanada keçirilən VIII toplantısında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, media və informasiya sahəsində əməkdaşlıq isə bu münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır.

R.Bağırov qeyd eedib ki, etibarlı xəbərlərin müntəzəm mübadiləsi, informasiya agentliklərinin və teleradio şirkətlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi ümumi mədəni və tarixi irsi konkret birgə layihələrə çevirməyə imkan verir. O, nümunə kimi Türk İnformasiya Agentlikləri Alyansını - ATNA-nı göstərib.

Şuranın nümayəndəsi birgə sənədli filmlərin, mədəni-maarifləndirici proqramların, media layihələri mübadiləsinin və jurnalistlərin peşəkar səfərlərinin əhəmiyyətini vurğulayıb: "Belə bir fəaliyyət qarşılıqlı anlaşmaya təkan verir və türk dünyasının mövqeyini beynəlxalq auditoriyaya çatdırmağa kömək edir".

R.Bağırov süni intellektin tətbiqinə xüsusi diqqət yetirib. O qeyd edib ki, yeni texnologiyalar informasiyanın istehsalı, tərcüməsi və yayılması imkanlarını genişləndirir, lakin süni intellekt tərəfindən yaradılmış təsvirlərin, audio və video materialların ortaya çıxması kontentin dürüstlüyünün yoxlanılmasını çətinləşdirir.

Onun sözlərinə görə, mediada və dövlət kommunikasiyalarında süni intellektin tətbiqi insan nəzarəti, redaksiya məsuliyyəti və məxfi məlumatların qorunması ilə müşayiət olunmalıdır. Türk Dövlətləri Təşkilatı ölkələrinin əməkdaşlığı informasiya təhdidlərinə qarşı mübarizədə və faktçekinqin təkmilləşdirilməsində təcrübə mübadiləsinə töhfə verə bilər.

R.Bağırov, həmçinin memorandumların həyata keçirilməsi, mediaturların təşkili, eləcə də təhsil və peşəkar mübadilələr daxil olmaqla, Azərbaycanın Türkiyə, Qazaxıstan və Özbəkistanla ikitərəfli media əməkdaşlığının inkişafından danışıb.

O vurğulayıb ki, dezinformasiyaya qarşı dayanıqlılıq güclü peşəkar KİV-dən, cəmiyyətin vaxtında məlumatlandırılmasından və vətəndaşların media savadlılığından asılıdır. Bununla əlaqədar regional redaksiyaların dəstəklənməsi və məlumatların yoxlanılması, rəqəmsal təhlükəsizlik, multimedia istehsalı və süni intellektin məsuliyyətli istifadəsi sahəsində mütəxəssislərin hazırlanması vacibdir.

Agentliyin nümayəndəsi məlumata etimad və KİV əməkdaşlığı üzrə beynəlxalq dialoqun inkişafında Şuşa Qlobal Media Forumunun və 2026-cı il oktyabrın 1-də Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin birinci media forumunun rolunu da qeyd edib.

44 filmi