Ukraynalı hərbçilər “Abrams” tanklarının idarə edilməsi üzrə təlimi başa vurublar

Digər ölkələr
  • 19 avqust, 2023
  • 08:24
Ukraynalı hərbçilər “Abrams” tanklarının idarə edilməsi üzrə təlimi başa vurublar

Almaniyada 200-ə yaxın ukraynalı hərbçi ABŞ-ın “Abrams” tanklarının idarə edilməsi üzrə təlimi başa vurub.

“Report” xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropa və Afrika üzrə nümayəndəsi Martin O'Donnell məlumat verib.

Onun sözlərinə görə, Hohenfelsdə baş tutan təlim 12 həftə davam edib və indi hərbçilər Qrafenvörə qayıdacaqlar. Ukrayna tərəfinin istəyi ilə 31 tank göndərilməyə hazır olana qədər hərbçilər orada idarəetmə və texniki xidmət bacarıqlarını təkmilləşdirəcəklər.

Əlavə hərbi təlimlərin payıza qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarda ABŞ Prezidenti Co Bayden “Abrams” tanklarının Ukraynaya göndəriləcəyini açıqlamışdı. Bir tankın dəyəri 10 milyon ABŞ dollar civarında qiymətləndirilir.