Son aylarda Polşada xarici kəşfiyyata işləyən 55 nəfər saxlanılıb - YENİLƏNİB
- 21 oktyabr, 2025
- 14:18

Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları son aylarda xarici kəşfiyyatın xeyrinə fəaliyyətdə şübhəli bilinən 55 nəfəri saxlayıblar.
"Report" Polşa KİV-inə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarının koordinatorunun mətbuat katibi Yatsek Dobjinski mətbuat konfransında bildirib.
"Son aylarda Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya kəşfiyyatının maraqlarından çıxış edərək Polşaya qarşı fəaliyyət göstərən 55 nəfəri saxlayıblar", - o qeyd edib.
Mətbuat katibi son günlərdə Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşlarının digər xidmətlərlə birgə fəaliyyəti çərçivəsində səkkiz nəfərin saxlanıldığını təsdiqləyib.
Polşada təxribat aktları hazırlamaqda şübhəli bilinən səkkiz nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bunu Baş nazir Donald Tusk "X" sosial şəbəkəsində yazıb.
"Daxili Təhlükəsizlik Agentliyi digər xidmətlərlə birlikdə son günlərdə ölkənin müxtəlif ərazilərində təxribat hazırlamaqda şübhəli bilinən səkkiz nəfəri saxlayıb", - o bildirib.
D.Tuskun sözlərinə görə, istintaq davam edir.
Qeyd edək ki, dünən Varşavada Tuskun "Vətəndaş Platforması" partiyasının ofisinə hücum edildiyi məlum olub. Təxribatı iki nəfər törədib, onlar binaya içində alışan maddə olan butulka atıblar. Butulka sınıb, lakin yanğının baş verməsinin qarşısını almaq mümkün olub.