Azərbaycanda sığorta sektorunda elektron qaimə-fakturalarla bağlı texniki yeniliklər müzakirə edilib
- 19 oktyabr, 2026
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sığorta sektorunda elektron qaimə-fakturaların tərtibi ilə bağlı texniki yenilikləri və vergi qanunvericiliyinin tətbiqi məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, müzakirələr ASA rəhbərliyi ilə DVX-nin Vergi siyasəti baş idarəsinin rəhbərliyi arasında keçirilən görüşdə baş tutub.
Görüşdə ASA nümayəndələri sığorta bazarı iştirakçılarının əməliyyatların icrası zamanı qarşılaşdıqları praktiki çətinlikləri diqqətə çatdırıb, sektorun inkişafı baxımından əhəmiyyətli hesab edilən təkliflərini səsləndiriblər.
Tərəflər sığorta şirkətləri tərəfindən elektron qaimə-fakturaların tərtibi zamanı tətbiqi zəruri hesab edilən texniki yenilikləri, eləcə də sığortaçıların əməliyyatları ilə bağlı vergi qanunvericiliyinin tətbiqi məsələlərini ətraflı müzakirə ediblər.
Görüşün yekununda dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin mütəmadi öyrənilməsi və araşdırılması barədə razılıq əldə olunub.