​Türkmənistan və Əfqanıstan təbii qaz kəməri tikintisini sürətləndirəcək

Digər ölkələr
  • 22 yanvar, 2015
  • 11:05
​Türkmənistan və Əfqanıstan təbii qaz kəməri tikintisini sürətləndirəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkmənistan və Əfqanıstan 2015-ci ildən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) təbii qaz kəməri tikintisini sürətləndirməyə başlayacaq.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda razılaşma Əfqanıstan İslam Respulikasının prezidenti Əşrəf Qəni Əhmədzayın Türkmənistana ikigünlük səfəri zamanı əldə edilib.

Onun Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovla apardığı danışıqlar zamanı Türkmənistan-Əfqanıstan-Tacıkistan dəmiryolu xəttinin çəkilməsi və Türkmənistandan Əfqanıstana elektrik enerjisi tədarükünün artırılması da müzakirə edilib.

Türkmənistan liderinin sözlərinə görə, TƏPH-in tikintisindən Əfqanıstan təxminən bir milyard dollar qazanacaq, 12 min iş yeri açılacaq.

"Əfqanıstan bu layihənin uğurla gerçəkləşməsini səbrsizliklə gözləyir", - Əşrəf Qəni Əhmədzay deyib.

Məlumata əsasən, 1800 kilometr uzunluğunda olacaq kəmərdən Türkmənistanın hər il 33 milyard kubmetr təbii qazı ixrac ediləcək.

Layihənin dəyərinin 7,6 milyard dollardan artıq olacağı gözlənilir.