Trüdo Fələstin Prezidenti ilə telefon danışığında HƏMAS-ın hücumlarını pisləyib
- 14 oktyabr, 2023
- 03:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadanın Baş naziri Castin Trüdo Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığında HƏMAS-ın İsrailə hücumunu pisləyib.
“Report” xəbər verir ki, bu barədə kanadalı siyasətçi sosial şəbəkədə bildirib.
“Bu gün Fələstin Administrasiyasının (Fələstin Dövləti – red.) Prezidenti Mahmud Abbasla danışdım. HƏMAS-ın İsrailə hücumunu pislədim, fələstinli və israilli dinc sakinlərin qorunmasının vacibliyini müzakirə etdim və fələstinli dinc sakinlərə humanitar əlçatanlığın təmin edilməsinin zəruriliyini vurğuladım”, - Kanadanın hökumət başçısı qeyd edib.
Xatırladaq ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.