Tramp Milli Qvardiyanın Texasdakı 400 hərbçisini digər ştatlara göndərəcək
- 06 oktyabr, 2025
- 08:03

ABŞ prezidenti Donald Tramp Texas ştatından Milli Qvardiyanın 400 hərbçisini başqa ştatlarda yerləşdirilməsinə dair göstəriş verib.
"Report" xəbər verir ki, bu barədə İllinoys ştatının qubernatoru Cey Robert Pritsker məlumat verib.
"Bu axşam Prezident Tramp Texas Milli Qvardiyasının 400 əsgərinin İllinoys, Oreqon və ABŞ-nin digər yerlərində yerləşdirilməsini əmr edib", o, "X"də yazıb.
Sentyabr ayında Tramp Milli Qvardiya qoşunlarının İllinoys ştatının ən böyük şəhəri olan Çikaqoya yerləşdiriləcəyini açıqlasa da, onların dəqiq nə vaxt göndərəcəyini bəyan etməyib. Tramp İllinoys qubernatorunu Çikaqoda təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. Amerika liderinin sözlərinə görə, şəhər dəhşətli cinayət səviyyəsinə görə cəhənnəmə çevrilib.