Şimali Koreya ölkənin nüvə arsenalını genişləndirmək niyyətindədir
- 26 fevral, 2026
- 07:17
Koreya Xalq Demokratik Respublikası (KXDR) ölkənin nüvə arsenalının genişləndirilməsinə diqqət yetirəcək.
"Report"un Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumatına görə, bu barədə Kim Çen İn Pxenyanda hakim Əmək Partiyasının doqquzuncu qurultayının başa çatması münasibətilə keçirilən hərbi paradda bəyanat verib.
"Partiyamız milli nüvə enerjimizi daha da genişləndirmək, gücləndirmək və nüvə dövləti statusumuzdan tam şəkildə yararlanmaqda qərarlıdır", - deyə Kim Çen İn bildirib.
KXDR Sədri həmçinin qeyd edib ki, ABŞ ilə münasibətlərin yaxşılaşdırılması perspektivləri tamamilə Vaşinqtonun mövqeyindən asılıdır. Onun sözlərinə görə, əgər ABŞ ölkənin hazırkı statusuna hörmət edərək Şimali Koreya ilə qarşıdurma siyasətindən əl çəkərsə, dövlətlərin "yaxşı yola getməməsi" üçün heç bir səbəb yoxdur.
Bununla belə, Kim Çen İn indiyədək Donald Trampın görüş təklifini qəbul etməyib.