Rusiya ABŞ-dən Putinin təşəbbüsünə cavab gözləyir
- 15 yanvar, 2026
- 14:38
Moskva hələ də Vaşinqtondan Prezident Vladimir Putinin strateji hücum silahları haqqında müqavilənin nəzərdə tutduğu silahlanma məhdudiyyətlərinin daha bir il uzadılması təşəbbüsünə cavab almayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Biz cavab almamışıq. Putinin təşəbbüsünə cavab gözləyirik və bunu çox vacib mövzu hesab edirik", - o bildirib.
ABŞ Prezidenti Donald Trampın strateji hücum silahları üzrə daha sərfəli müqavilə bağlamaq zərurəti barədə bəyanatlarını şərh edən Peskov qeyd edib ki, dünya həqiqətən belə bir sazişə ehtiyac duyur, lakin onun işlənib hazırlanması prosesi son dərəcə mürəkkəb və uzunmüddətlidir: "Əlbəttə ki, daha sərfəli sənəd və daha sərfəli müqavilə hamı üçün lazım olardı. Amma belə bir müqaviləyə nail olmaq çox mürəkkəb və uzun bir prosesdir".
ABŞ-nin mümkün razılaşmalara Çini də daxil etmək istəyi ilə bağlı bildirib ki, Rusiya Prezidenti Vladimir Putin strateji hücum silahları üzrə sənədlərdə təkcə ayrı-ayrı ölkələrin deyil, bütün Qərbin nüvə potensialının da nəzərə alınmasının vacibliyini vurğulayıb.