Qvatemalada prezident seçkilərinin rəsmi nəticələri məhkəmə qərarına görə təxirə salınıb
- 03 iyul, 2023
- 03:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Qvatemala Ali Seçki Məhkəməsi uduzmuş namizədlərin iddiasına baxılmaq üçün iyunun 25-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda deyilir.
Seçki məntəqələrindən gələn protokolların 98,82%-i hesablandıqdan sonra əldə edilən nəticələrə görə, Qvatemalada prezident seçkilərinin ikinci turuna keçmiş birinci xanım Sandra Torres və deputat Bernardo Arevalo getməlidir. Mərkəz partiyası Milli Ümid Birliyi tərəfindən namizədliyi irəli sürülmüş Torres yarışda ilk üç favoritdən biri, sol mərkəzçi Seed partiyasını təmsil edən Arevalo isə anketlərdə səkkizinci olub.
Sağçı partiyaları təmsil edən 9 namizəd səsvermə zamanı pozuntular barədə məlumatların araşdırılmasını tələb edərək məhkəməyə müraciət edib. Konstitusiya Məhkəməsi şikayəti qəbul edib və seçkinin nəticələrinin rəsmi elanını təxirə salmağı tapşırıb.