Qətər İsrailin Qəzza ilə bağlı yazılı zəmanətlər verməsini təklif edir
- 08 oktyabr, 2025
- 10:19

Qətər İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlamayacağı barədə bu ölkədən yazılı zəmanətlər gözləyir.
"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsarinin bəyanatına istinadən bildirir.
Onun sözlərinə görə, Qətər Fələstin və İsrail arasında sülh sazişinin müzakirə olunan şərtlərinin (girovların qaytarılması, fələstinli məhbusların azad edilməsi, döyüş əməliyyatlarının dayandırılması və qoşunların Qəzza zolağından çıxarılması) yerinə yetiriləcəyinə əmin olmaq istəyir.
Əl-Ənsari qeyd edib ki, hazırda müzakirə olunan Tramp planı Qəzzadan sakinlərin köçürülməsini istisna edir, həmçinin ilhaq və işğalla bağlı söhbətlərə son qoyur.
O deyib ki, tərəflər 20 prinsip barədə razılığa gəliblər.
Qətərin Baş naziri Məhəmməd Əbdülrəhman Əl Taninin İsrail və HƏMAS arasında davam edən birbaşa olmayan danışıqlara qoşulmaq üçün bu gün Misirə gedəcəyi gözlənilir.