Pentaqon rəhbəri Puerto-Rikoya səfər edib

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 02:53
Pentaqon rəhbəri Puerto-Rikoya səfər edib

Pentaqon rəhbərləri narkotik qaçaqmalçılığı ilə mübarizənin gücləndirilməsi təşəbbüsü ilə Karib hövzəsində hərbi güclənmənin bir hissəsi olaraq ABŞ ilə əlaqəli ada dövləti Puerto Rikoya səfər ediblər.

"Report" xəbər verir ki, bu barədə Puerto-Rikonun qubernatoru Cenifer Qonzales "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qubernatorun verdiyi məlumata görə, o, sentyabrın 8-də ABŞ-nin müdafiə naziri Pit Heqset ilə görüş keçirib. Bundan başqa, Puerto-Rikonun inzibati mərkəzi San-Xuan şəhərində baş tutan görüşdə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edib.

"Biz (ABŞ) Prezidenti (Donald) Trampa və onun administrasiyasına Puerto-Rikonun Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün strateji dəyərini, eləcə də yarımkürəmizdə narkotik kartellərinə qarşı mübarizəni qəbul etdiklərinə görə təşəkkür edirik", - Qonzales qeyd edib.

O, heç bir təfərrüat açıqlamayıb.

"The Washington Post" yazır ki, Pentaqon Tramp administrasiyasının Latın Amerikasındakı narkotik kartellərinə qarşı "müharibə" çərçivəsində Puerto-Rikoya müvəqqəti olaraq döyüş təyyarələri yerləşdirmək və adanın ərazisindən hərbi hava zərbələri üçün istifadə etmək planlarını nəzərdən keçirir.