Pakistan Qəzza üzrə Sülh Şurasına qoşulur
- 21 yanvar, 2026
- 21:06
Pakistan Qəzza zolağında sülh planının həyata keçirilməsinə dəstək üçün Sülh Şurasına qoşulmağa razılıq verib.
"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
"Pakistan ABŞ Prezidenti Donald Trampın Baş nazir Şahbaz Şərifə ünvanladığı Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib. Bu, ölkənin BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi çərçivəsində Qəzzada sülh planının həyata keçirilməsinə dəstək göstərmək üçün davam edən səylərinin bir hissəsidir", - məlumatda deyilir.
XİN qeyd edib ki, bu mexanizmin yaradılması daimi atəşkəsə nail olmaq, fələstinlilərə humanitar yardımı genişləndirmək və Fələstin anklavının infrastrukturunu bərpa etmək üçün konkret addımlara gətirib çıxarmalıdır.
Pakistan XİN həmçinin ölkənin bu məqsədlərə nail olmaq və Fələstin xalqının əzablarına son qoymaq üçün Sülh Şurası çərçivəsində konstruktiv rol oynamağa davam etməyə hazır olduğunu vurğulayıb.