NK rəsmisi: "Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır"

ASK
  • 05 noyabr, 2026
  • 10:43
NK rəsmisi: Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır

Qarabağ və Şərqi Zəngəzur ekoloji tarazlığı qorumaq şərtilə dayanıqlı akvakultura klasterinin yaradılması üçün prioritet zonalardır.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

"Bu iqtisadi rayonların bol və təmiz su ehtiyatları ərazidə ekoloji tarazlığı qorumaq şərtilə dayanıqlı akvakultura klasterinin yaradılması üçün prioritet zona hesab olunur. Bu ərazilərdə qurulacaq müasir, yüksək texnologiyalı müəssisələr təkcə daxili bazarı deyil, həm də regional ixrac potensialımızı daha da ciddi şəkildə artıra bilər", - deyə o qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, müşahidə olunan iqlim dəyişikliyi və su qıtlığı iqlimə dözümlü akvakultura prinsiplərinə keçidi tələb edir: "Bu məqsədlə təsərrüfatlarda süni intellekt əsaslı monitorinq sisteminin tətbiqi ön plana çıxır. Su hövzələrinin temperaturu, oksigen balansı və biokimyəvi tərkibinin rəqəmsal sensorlar vasitəsilə real vaxt rejimində izlənilməsi həm məhsuldarlığı artıracaq, həm də ekoloji riskləri öncədən proqnozlaşdırmağa imkan verəcək. Digər tərəfdən, daxili su hövzələrində yerli və endirik balıq növlərinin, xüsusilə Xəzər dənizinin qiymətli genofondunun qorunması və bərpası diqqətdə saxlanılır".