Onlarla ölkə nüvə qəzası riski səbəbindən Rusiyanı Ukraynanın energetikasına zərbələri dayandırmağa çağırıb

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 19:00
Onlarla ölkə nüvə qəzası riski səbəbindən Rusiyanı Ukraynanın energetikasına zərbələri dayandırmağa çağırıb

Bu qış Ukraynada nüvə qəzası riski Rusiyanın ölkənin enerji infrastrukturuna davam edən hücumları səbəbindən artır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin tanış olduğu 38 ölkənin nüvə təhlükəsizliyi orqanları nümayəndələrinin birgə bəyanatında bildirilib.

Tənzimləyici qurumlar Rusiyanı Ukrayna atom elektrik stansiyalarının (AES) təhlükəsiz fəaliyyəti üçün zəruri olan enerji obyektlərinə və infrastrukturuna zərbələri dayandırmağa çağırıblar.

"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsi və ölkənin enerji infrastrukturuna davam edən hücumları ilə əlaqədar nüvə təhlükəsizliyi üçün artan risklərdən dərin narahatlığımızı bildiririk. Hesab edirik ki, Rusiya Ukraynanın nüvə obyektlərinə və onların təhlükəsiz istismarı üçün zəruri olan enerji infrastrukturuna hücumları təcili olaraq dayandırmalıdır", - bəyanatda bildirilib.

Əsas təhlükə nüvə yanacağının soyudulması və qəzaların qarşısının alınması üçün zəruri olan elektrik təchizatında yaranabiləcək fasilələrlə bağlıdır. Avropa və Şimali Avropa radiasiya təhlükəsizliyi qurumları birliklərinin rəhbəri Per Strandın qiymətləndirməsinə görə, ən pis ssenaridə genişmiqyaslı elektrik kəsintisi Ukraynanın fəaliyyətdə olan 9 reaktorunun hamısına təsir göstərə və radioaktiv maddələrin yayılmasına səbəb ola bilər.

Onun sözlərinə görə, əgər indidən tədbirlər görülərsə və enerji infrastrukturuna hücumların dayandırılmasına nail olunarsa, bu cür hadisələrdən qaçmaq mümkündür. Əks təqdirdə, Avropa ölkələri mümkün fövqəladə hallara hazırlaşmalıdır.

Ukraynada 4 AES yerləşir, onlardan 3-ü fəaliyyətini davam etdirir və "Reuters"in məlumatına görə, bu qış istehlak edilən elektrik enerjisinin təxminən 80 %-ni təmin edir. Avropanın ən böyük stansiyası olan Zaporojye AES Rusiyanın nəzarəti altındadır və elektrik enerjisi istehsal etmir, lakin nüvə yanacağının soyudulması üçün onun xarici enerji təchizatına ehtiyacı var.

AEBA-nın məlumatına görə, müharibənin əvvəlindən Zaporojye AES 27 dəfə xarici elektrik təchizatını itirib və qəza dizel-generatorlarına keçmək məcburiyyətində qalıb. Hazırda stansiya elektrik enerjisini yalnız bir xarici elektrik verilişi xətti vasitəsilə alır.

Bəyanat Avropa İttifaqı dövlətləri, ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya daxil olmaqla, 38 ölkənin nüvə və radiasiya tənzimləmə orqanlarını birləşdirən HERCA, WENRA və NORA nümayəndələri adından təqdim edilib.