Makron: Fransa Suriya ilə əlaqələri dərinləşdirməyə hazırdır
- 07 iyul, 2026
- 15:54
Fransa Suriya ilə iqtisadi qarşılıqlı fəaliyyəti dərinləşdirməyə hazırdır.
"Report" SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Dəməşqdəki Xalq Sarayında keçirilən Suriya-Fransa dəyirmi masası zamanı bildirib.
"Fars körfəzi ölkələri ilə tərəfdaşlıq çərçivəsində Suriyanın bərpasını dəstəkləmək üçün birgə iqtisadi komitələr genişləndiriləcək", - E.Makron qeyd edib.
O əlavə edib ki, Fransa Suriya ilə münasibətləri möhkəmləndirməyə, energetika və bank işi də daxil olmaqla bir sıra sektorlarda tərəfdaş olmağa hazırdır.
Öz növbəsində, Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ölkənin Aralıq dənizi, Fars körfəzi və İraq arasında strateji əlaqələndirici halqa kimi coğrafi mövqeyini vurğulayıb:
"Hörmüz boğazındakı böhrandan sonra dünya təhlükəsiz və sabit ticarət dəhlizlərinin dəyərini dərk etdi. Bu gün Suriyanın coğrafi mövqeyi qlobal nəqliyyat və ticarət yolları şəbəkəsində əvəzolunmaz kəsişmə kimi həyati vacib rolunu yenidən qazanıb".