"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
- 16 noyabr, 2026
- 00:35
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bitly" URL qısaltma xidməti "X" sosial şəbəkəsindəki məşhur şəxslərin və şirkətlərin hesablarına edilən kiberhücumun nəticələrini aradan qaldırmağa başlayıb.
"Report"un məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.
"Daha əvvəl cinayətkarların müəyyən köhnə qeyri-aktiv linkləri yenidən istifadə etməsinə və istifadəçiləri orijinal paylaşımlarla əlaqəsi olmayan məzmuna yönləndirməsinə imkan verən problem aşkarlamışdıq. Təsirə məruz qalan hesabları dayandırdıq və təsirə məruz qalan linkləri deaktiv edirik", - açıqlamada deyilir.
"Bitly" qeyd edib ki, təhlükəsizlik qrupu problemi həll etmək və gələcəkdə oxşar sui-istifadə hallarına qarşı qorunmanı gücləndirmək üçün çalışır.
"The New York Post" daha əvvəl ABŞ Prezidenti Donald Tramp, "fast food" nəhəngləri "Burger King" və "McDonald's" da daxil olmaqla məşhur şəxslərin və şirkətlərin hesablarındakı köhnə paylaşımların kiberhücuma məruz qaldığını bildirmişdi.