Macarıstan sabitliyin qorunmasına töhfə vermək üçün Çada hərbi missiya göndərə bilər
- 13 oktyabr, 2023
- 22:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan terrorizmlə mübarizə, infrastrukturun qorunması və ölkədə sosial vəziyyəti yaxşılaşdırmaq məqsədilə yerli hakimiyyət orqanlarına kömək etmək üçün Çada 200 nəfərlik hərbi missiya göndərməyi planlaşdırır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitski bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslə bağlı qanun layihəsi gələn həftənin əvvəlində parlamentə təqdim ediləcək.
Budapeştdə mətbuat konfransında danışan müdafiə naziri ABŞ və Fransa hərbi kontingentinin Çadda olduğunu, lakin “Macarıstan missiyasının müstəqil olacağını” qeyd edib. Onun tərkibinə azı 200 hərbçi daxil olacaq. MN rəhbərinin sözlərinə görə, “parlament missiyanın yaradılmasını təsdiqləsə, onun göndərilməsi 2024-cü ilə planlaşdırılacaq”.
Nazir həmçinin xatırladıb ki, son bir neçə ildə “Afrika, Yaxın Şərq və Əfqanıstandan milyonlarla miqrant Avropaya axışıb”. Afrika qitəsinin mərkəzində yerləşən Çad sabit dövlətdir və digər ölkələrdən gələn çoxlu sayda qaçqını qəbul etməklə regional miqrasiyanın qarşısının alınmasında əsas rol oynayır. Onun fikrincə, Afrika ölkəsindəki vəziyyətin sabit saxlanılması vacibdir.
“Problem getdikcə dərinləşir. Ona görə də biz kömək etməliyik”, - nazir vurğulayıb.
O, Macarıstanın Çada hərbi missiya, humanitar yardım, tibb sahəsində yardım və kənd təsərrüfatının inkişafına dəstək də daxil olmaqla “hərtərəfli paket” təklif etdiyini açıqlayıb. Təklif Afrika ölkəsinin hökuməti tərəfindən qəbul edilib. Budapeştin planlarına görə, bütün bunlar Macarıstanın özünün və bütövlükdə Avropanın təhlükəsizliyini gücləndirməyə kömək etməlidir.