Macarıstan Rusiyadan Aİ-yə LNG-nin tədarükünün qadağan edilməsinə razılıq verib
- 09 oktyabr, 2025
- 11:43

Macarıstan hökuməti Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqına (Aİ) tədarükünün qadağan edilməsinə razılıq verib.
"Report" xəbər verir ki, bu barədə xarici KİV "EUObserver"ə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Macarıstan Avropa Komissiyası tərəfindən irəli sürülən Rusiyanın LNG-nin idxalına tam qadağanın tətbiqinə istisnaların daxil edilməsindən imtina edib. Bu qadağa Avropa sanksiyalarının 19-cu paketi çərçivəsində 2027-ci ilin yanvarından tətbiq edilə bilər.
Mənbələr bildirib ki, yeni sanksiya paketinin qəbul edilməsi üçün maneə Slovakiya və Avstriyanın mövqeləridir. Bratislava ya oktyabrın 20-də keçiriləcək Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasına, ya da oktyabrın 23-də baş tutacaq Aİ sammitinə qədər güzəştə gedə bilər.
Avstriya isə 2 milyard avro məbləğində Rusiya aktivlərinin dondurulmasının ləğv edilməsi üçün "xüsusi istisna" tələb edir. Bu vəsait "Raiffeisen Bank"a ötürüləcək. Bu hal 19-cu sanksiyalar paketinin veto qoyulma ehtimalını yaradır. Berlin və daha 10 paytaxt Vyananın xahişini tənqid edib.